"Neftçi"ni erməni klubu adlandıran Belçika saytı üzr istədi
Paylaş
Elnur Əşrəfoğlu: "KİV nümayəndələrinə minnətdarlığımızı bildiririk"
Belçika mətbuatı "Neftçi"ni erməni klubu kimi təqdim edib. CimBom.Az xəbər verir ki, voetbalbelgie.be saytı "Genk" klubunun Seneqal əsilli fransalı hücumçusu Moussa Koitanı baxışa çağıran "Neftçi"ni erməni klubu olaraq göstərib. "Erməni klubu "Neftçi" (Bakı) Koitanı baxışa çağırdı", deyə sayt yazıb. Fanktı ilk olaraq Fanat.az üzə çıxarıb.
Bununla bağlı dərhal www.voetbalbelgie.be saytına və Belçika Futbol Federasiyasına məktub ünvanlayan "Neftçi" artıq qarşı tərəfdən cavab alıb. Bu barədə klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu məlumat verib: "Biz xəbərdə "Neftçi"nin Azərbaycan yox, işğalçı Ermənistan klubu kimi təqdim olunması ilə bağlı həm www.voetbalbelgie.be saytına, həm də Belçika Futbol Federasiyasına məktub ünvanlamışıq. Onlar bizdən üzr istəyərək, bu nöqsanın tezliklə aradan qaldırılacağını bildiriblər. Bir məqamı da qeyd etmək istəyirəm ki, www.voetbalbelgie.be saytı öz-özünə zidd gedib. Həmin saytda bundan bir neçə gün öncə yerləşdirilən xəbərdə isə "Neftçi"nin 2005-ci ildə Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Anderlext"lə oynadığı xatırlanmışdı və komandamız Azərbaycan təmsilçisi kimi göstərilmişdi. Ancaq nədənsə, növbəti xəbərlərin birində Koitanın Ermənistan klubu olan "Neftçi"də baxışda olduğu yazılıb. Göründüyü kimi, sayt rəhbərliyi kobud səhvə yol verib. Bu məsələdə bizə dəstək göstərən Azərbaycanın bütün KİV nümayəndələrinə minnətdarlığımızı bildiririk. İnanıram ki, bundan sonra da Azərbaycana, o cümlədən ölkə idmanına qarşı xarici mətbuatın qəsdən və ya bilməyərəkdən buraxdığı səhvlərin öhdəsindən birgə gələcəyik".
Maraqlıdır ki, www.voetbalbelgie.be saytı "Neftçi"dən üzr istəsə də, xəbərdəki səhvini düzəltməyib. Belə ki, "Neftçi" hələ də erməni klubu kimi təqdim olunur.
Oxunub: 80 dəfə. Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax