25 ilin futbol azarkeşiyəm. Bu 25 ilin son 5 ilini yalnız futbol fanatizmi, daha doğrusu, bu sosial fenomenin mahiyyətini öyrənməyə sərf etmişəm. Bəli, bilirəm, qarpız tanımaq misalını xatırlayacaqsız. Eyib etməz. Mən bu sahəni menecerlik baxımından ən gəlirli sahələrdən biri saydığım üçün daha çox maraqlanmışam. Azarkeşliyi təşkil etmək, onu düzgün istiqamətləndirmək və yüksək nəticəyə nail olmaq bir elmdi. İmkanım düşdüyü qədər kitab oxumuşam, saytları izləmişəm, xaricdə olduğum bütün şəhərlərdə derbilərə getmişəm. Bir sözlə, fanatizmin mahiyyətinə varmaq üçün o hoqqa qalmayıb ki, çıxmayım. Futbolu həm də azarkeş dəstəyinə görə sevirəm. O səbəbdən Azərbaycan futbol azarkeşliyinin ilk qaranquşu “UltrAslan Azərbaycan” dərnəyini həmişə dəstəkləmişəm və bundan sonra da yanlarında olacam. Çünki sevgini pulla almaq olmur, onu qazanmaq lazımdı. «UltrAslan» həm bu sevgini qazanıb, həm də bizə futbol azarkeşliyi mədəniyyəti öyrədib. “KomandA”nın ötən sayında “UltrAslan”nın rəhbəri Ceyhun Əzizlinin təhqir olunması haqda məlumatı oxudum. İnandırım ki, son dövrlərdə bu qədər əsəbləşdiyim, bu qədər xətrimə dəyən xəbər eşitməmişdim. Hesab edirəm ki, Ceyhun istənilən vəziyyətdən, istənilən çətinlikdən başıuca, alnıaçıq çıxa biləcək mərd bir oğlandı. Əminəm ki, ona söyüş söyənin cavabını verib. Bu öz yerində, amma mənim deyəcəklərim var. Əvvəla, dünyada çox nadir ölkələr var ki, orda futbolçu azarkeşi təhqir etdiyinə görə cəzasız qalır. Təkcə Erik Kantona faktını xatırlamaq yetərlidi. “Mançester Yunayted”in az qala kralı sayılan Kantona azarkeşlə dava etdiyinə görə onu ümumiyyətlə futboldan uzaqlaşdırırdılar. 3-4 oyunluq diskvalifikasiyayla canını qutardı. Eyni hadisələr Rusiyada, Almaniyada, İspaniyada da baş verib. Bir sözlə, cəza sərt olur. İkincisi, ümumiyyətlə, heç kimə haqq-ədaləti dediyinə görə ağzından vurmaq, təhqir etmək haqqı verilməyib. Nə Azərbaycan qanunları, nə də beynəxalq hüquq normaları buna icazə vermir. Ceyhun olan şeyləri deyib. «Qəbələ»ylə heç-heçə edib, onu sevinclə qeyd edən komandanı nəinki söymək, hətta ... Üçüncüsü və ən əsası. Sizlərin heç birinizin Ceyhunun Azərbaycan futboluna verdiyi xeyir qədər xeyri dəyməyib. Ceyhun bizim futbolun yırtıq-deşiklərini yamayandı. Ceyhun ən çətin anda gələn dostdu. Ceyhun təkbaşına mübarizə aparan cəngavərdi. Ən əsası, o, mərd, vətənpərvər, qeyrətli bir azərbyacanlı balasıdı. Məhz elə bunları əsas tutaraq deyirəm: cənablar, qulaqlarınızı açın və eşidin: Ceyhun Əzizli bizim fəxrimizdi. Ona qarşı hansısa təpgi, təhqir bizə, konkret mənə qarşı yönəlmiş addımdı. Ona hücum edən mən jurnalistə edir. Mən isə öz hüquqlarımı qorumağı hamınızdan yaxşı bacarıram. Əzizliyə hörmətsizlik edən bundan sonra qarşısında bizi, mənimlə həmrəy olan jurnalistləri görəcəklər. Bunu sərt bəyanat kimi də qəbul edə bilərsiz. Əmin olun ki, belədi. Suat Usta, sənin üzr istəmək hüququn hələ saxlanılır. Amma vaxtın da daralır. Ondan sonra sənə anladarıq azarkeşi təhqir etmək nə deməkdi. Özü də bizim Ceyhunu. Anladınmı?